REGİONLAR
Masallıda emal məntəqələrinə 87 tondan çox tütün təhvil verilib
Masallı, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən biri olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı fermerlərinin də bu sahəyə marağının artmasına səbəb olub.
Masallı rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 16 hektar artırılaraq 51 hektara çatdırılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda tütün yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən indiyədək emal məntəqələrinə 87,1 ton tütün təhvil veriblər.
Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektar sahədən 57,2 ton quru tütün tədarük olunub.