ELM VƏ TƏHSİL
Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsində müasir yanaşmalara dair müzakirə aparılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
“Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva paytaxt məktəblərinin fəaliyyəti, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, müəllimlərin sertifikasiyası və məktəb-valideyn əməkdaşlığı barədə məlumat verib, yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsilin başlıca hədəflərdən olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev çıxış edərək təhsil müəssisələrində tədrisin effektiv idarə olunması, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən danışıb.
Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası (CIS) İdarə heyətinin üzvü, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və digər çıxış edənlər beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi, müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlər barədə danışıblar.
Görüşdə məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsində mövcud problemlər, nəticə indikatorları, məktəbdaxili dəyərləndirmə və qiymətləndirmənin təşkili, məktəblərin reytinqi, meyarlar və digər məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, təhsil islahatlarına dair bu cür müzakirələrin vaxtaşırı təşkil olunması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbir Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə, həmçinin Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, universitetin proqram direktoru Sevinc Məmmədova iştirak ediblər.