CƏMİYYƏT
Məktəblilər park və meşə ərazilərində müşahidələr apararaq biomüxtəliflik əmsalını hesablayıblar
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) birgə təşkilatçılığı ilə Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə məktəblilər üçün ekoloji tədbiri keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, əvvəlcə mütəxəssislər tərəfindən hazırlanmış tədbir üçün xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər təşkil olunub.
“Mənim bağçamın biomüxtəlifliyi” üzrə məktəblilərə sorğu vərəqləri təqdim olunub, bu vərəqlərdə şagirdlər məktəbin yaxınlığındakı park və meşə ərazilərində müşahidələr aparıb, sorğu vərəqlərində qeyd olunan ağac, bitki, heyvan və həşəratların ümumi növ və sayını müəyyənləşdirərək verilmiş düstura əsasən biomüxtəliflik əmsalını hesablayıblar.
“Tap görüm” sorğu vərəqinə əsasən isə məktəblilər verilmiş cədvəl üzrə biomüxtəliflik mövzusunu əhatə edən sualları ekoloji biliklərinə uyğun olaraq cavablandırıb və ekosistemdə gördükləri bəzi orqanizmlərdən istifadə edərək qida zənciri yaradıblar.
Sorğu vərəqlərini RUGİM-in 2300 ekoklub üzvü və 58 rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) üzvləri doldurub.