CƏMİYYƏT
Mənəvi Dəyərlərin Təbliği Fondu “Milli mətbuat – milli düşüncə” mövzusunda müsabiqə elan edib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 22 iyul – Azərbaycanda Milli Mətbuat Günü ilə əlaqədar media nümayəndələri arasında “Milli mətbuat – milli düşüncə” mövzusunda yazı müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə milli-mənəvi dəyərlərin təbliği, mediada mənəvi dəyərlər və milli düşüncənin inkişafı, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuat və jurnalistika sahəsinə göstərdikləri diqqət və qayğı, eləcə də mətbuatın inkişaf perspektivləri ilə bağlı məqalələr göndərilə bilər.
Müsabiqədə I yer üçün 1 nəfər-600 manat, II yer üçün 1 nəfər-400 manat, III yer üçün 1 nəfər-200 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 3 yazı müəllifinə (hər biri 100 manat) həvəsləndirici mükafatlar veriləcək.
Yazıların qəbulu iyunun 21-dən iyulun 20-dəkdir.