MƏDƏNİYYƏT


Mənsum İbrahimov: Biz həmrəy olaraq bu sınaqdan qalib çıxacağıq

Bakı, 3 aprel, AZƏRTAC

Xalqımızı, eləcə də sənət yoldaşlarımı koronavirusla bağlı qaydalara riayət etməyə çağırıram. Bu, ilk növbədə, vətəndaşların özlərinin sağlamlığı üçün lazımlıdır. Biz bu işdə dövlətimizə kömək etməliyik ki, dünyanı bürüyən bu bəladan az itkilərlə çıxaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib.

Dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. “#evdəqal...biz birlikdə güclüyük!” şüarına dəstək olaraq görkəmli muğam ustası vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa səsləyib. O bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa çağırıblar. Biz bu müraciətlərə dəstək olmalıyıq.

O, eyni zamanda, vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi diqqət etməyi məsləhət görüb. Xalq artisti koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün evdə oturan insanlara kitab oxumağı, musiqi dinləməyi tövsiyə edib.

“Bilirsiniz ki, bu gün insanların evdə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif təşəbbüslərə start verilib, müxtəlif layihələr reallaşdırılır. Bu istiqamətdə görülən hər bir iş, insanlara ev mühitində, çölə çıxmadan da əməkdaşlıq etməyi aşılayır, insanları vaxtı səmərəli keçirməyə çağırır. Bildirilir ki, vətəndaşlar özlərinin və doğmalarının təhlükəsizliyi naminə evdən çıxmamalıdırlar. Bunun əvəzinə şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilir. Mən şəxsən bundan yararlanıram, evdə kitab oxuyur və övladlarımla çox gözəl vaxt keçirirəm”,-deyə görkəmli ifaçı söyləyib.

O deyib ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilir. Artıq ilk musiqili yayım efirə verilib: “Verilişin ilk qonağı da mən və rəhbərlik etdiyim “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov olub. Bu istiqamətdə işlərimizi yenə də davam etdirəcəyik.

Mən efir vasitəsilə də insanlara bir daha müraciət etdim. Vurğuladım ki, sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşan bu layihələr təqdirəlayiqdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə biz həmrəy olaraq bu sınaqdan qalib çıxacağıq. Bu gün bəşəriyyətin ciddi təhlükə ilə üzləşdiyi bir vaxtda çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün hər birimiz vətəndaş məsuliyyətini dərk edərək özünə və cəmiyyətə qarşı duyarlı olmağa, sosial izolyasiya qaydalarına əməl etməyə, mövcud resurslardan istifadə olunmaqla bu sürəci səmərəli və yaradıcı dəyərləndirməyə çalışmalıyıq”.

Qeyd edək ki, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov bir aylıq əməkhaqqını ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.