REGİONLAR
Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ və onun təminatının qanunvericilik əsasları barədə məlumatlandırılıblar VİDEO
Xırdalan, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MKS) təşkilatçılığı ilə dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar Abşeron rayonunda başa çatıb.
AZƏRTAC xəbər verir ki, kursların son günü - fevralın 21-də 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasova iştirakçılara seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi barədə məlumat verib.
Rayon prokuroru Rahib Seyidov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, prokurorluq tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Belə ki, seçki günü vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə halları qanunla yolverilməzdir.
Üçgünlük kurslar zamanı məntəqə sədrlərinə seçkilərə hazırlığın gedişi barədə ətraflı məlumat verilib, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi və digər qaydalar izah olunub.
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsinin tərkibində 36 seçki məntəqəsi var. Dairə üzrə qeydiyyatda olan seçicilərin sayı isə 47761 nəfərdir ki, onlardan da 300-ü ilk dəfə səs verəcək.