Mərkəzi Elmi Kitabxanada 28 May – Müstəqillik Günü qeyd edilib
AzerTAg.az
Bakı, 26 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev dövlətçilik tariximizin bünövrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixinə nəzər salıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində yaranan ilk demokratik dövlət olan AXC cəmi 23 ay yaşamasına baxmayaraq milli tariximizdə müstəsna yer tutur.
“İkinci dəfə müstəqillik qazanan Azərbaycan Respublikasının bünövrəsi məhz həmin dövrün ideyaları üzərində qurulur. Müstəqilliyimiz dövründə ağrılı-acılı, kədərli günlərimiz olsa da, Azərbaycan regionun güclü dövlətinə çevrilməyi bacardı. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı. Ümummilli Liderin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya arenasında haqlı nüfuz qazanıb. Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti, dünya azərbaycanlıları Vətəni ilə qürur duyurlar. Artıq üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalanır. Hazırda bu torpaqlarımızda Böyük Qayıdış – genişmiqyaslı quruculuq bərpa işləri aparılır. Şuşada beynəlxalq tədbirlər, forumlar, festivallar keçirilir. Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və bayrağımız daim zirvələrə yüksələcək”, - deyə baş direktor vurğulayıb.
MEK-in beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva demokratik ənənələri olan tariximizdən danışıb. Qeyd edib ki, XX əsrin əvvəllərində, hətta ABŞ-ın bir çox ştatında qadınlara seçki hüququ verilmədiyi bir vaxtda AXC-də bu hüquq tanınıb. O, AXC dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyini, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu idealların ən yüksək səviyyədə yaşandığını vurğulayıb.
Xatırladaq ki, 28 May – Müstəqillik Günü ilə əlaqədar MEK-də sərgi də təşkil edilib. İki həftə müddətində davam edəcək sərgidə bu günün, eləcə də müasir və müstəqil Azərbaycanın tarixini, özündə əks etdirən kitabxananın fondlarındakı dəyərli nəşrlər təqdim edilib.




Xəbərin mətnində orfoqrafik səhv var