CƏMİYYƏT
Meydan uşaqların idi…
Bakı, 1 iyun, AZƏRTAC
Pirallahı rayonunda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbirdə icra hakimiyyətinin, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, körpələr və məktəblilər iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bayram münasibətilə uşaqları təbrik edərək onların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb. O, öz çıxışında Heydər Əliyev Fondunun uşaqların sağlam və firavan böyüməsi, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirdiyini və həmin layihələrin çox faydalı nəticələr verdiyini bildirib.
Tədbirdə balacalar səhnəciklər nümayiş etdirib, şeirlər səsləndirib, mahnı və rəqs nömrələri ifa ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun Çilov adasındakı uşaq bağçasında da tədbir keçirilib. Uşaqların ifasında şeirlər, mahnı, rəqs və səhnəciklər tədbir iştirakçılarında xoş təsir bağışlayıb.
Tədbirin sonunda Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova balaca fidanlara hədiyyələr təqdim edib.