CƏMİYYƏT


Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə 4 məsələ daxildir. Qeyd edilib ki, sənədlərdə edilməsi nəzərdə tutulan dəyişikliklər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Əvvəlcə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, Qanunun 7-ci maddəsi aşağıdakı redaksiyada verilir: 7.1. Sosial sığorta haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. 7.2. Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

“Məşğulluq haqqında” Qanunda təklif olunan dəyişikliyə əsasən sənədin 2-ci maddəsinin mətni 2.1.-ci maddə hesab edilir və aşağıdakı məzmunda 2.2.-ci maddə əlavə edilir: “Ələt azad iqtisadi zonasında məşğulluqla bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Sonra “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd olunub ki, sənədin 1-ci maddəsinin mətni 1.1.-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2.-ci maddə əlavə edilsin: Ələt azad iqtisadi zonasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən Məcəllənin 4-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilir: Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Sonda müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.