CƏMİYYƏT
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.
Komitə sədri Arif Rəhimzadə diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 12 məsələ müzakirə olunub. Belə ki, ötən vaxt ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2016-cı il üzrə illik məruzəsi dinlənilib. Məruzədə yerli özünüidarəetmə orqanlarının son illərdə inkişaf etməsi, ölkədə gedən quruculuq işlərində rolu, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər, o cümlədən qəbul olunan normativ hüquqi aktlar barədə məlumat verilib.
Bildirilib ki, ötən dövrdə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanunun müzakirələri aparılıb və sənəd Milli Məclisin plenar iclasında qəbul edilib. Qanun yerli özünüidarəetmə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun yüksəlməsinə, vətəndaşların bələdiyyə üzvlərinə inamının artırılmasına və bələdiyyə üzvlərinin qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı məsuliyyətinin güclənməsinə təminat verir. Komitədə, habelə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda müvafiq dəyişikliklərin edilməsi barədə məsələlərə baxılıb.
Komitə üzvləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin və Bələdiyyələrin Milli Assosiasiyalarının rəhbərləri ilə sıx əməkdaşlıq ediblər. Onlar beynəlxalq təşkilatların tədbirlərində fəallıq göstərərək, dövlətimizin uğurları barədə məlumatları geniş ictimaiyyətə çatdırıblar. Deputatların mütəmadi olaraq seçicilərlə görüşləri təşkil olunub, ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar barədə əhaliyə ətraflı bilgilər verilib.
Yaz və növbədənkənar sessiyalar ərzində komitənin ünvanına 178 müraciət, təklif və ərizə daxil olub, onların əksəriyyəti araşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib.
Arif Rəhimzadə cari ilin payız sessiyasında görüləcək işlər barədə məlumatında söyləyib ki, komitədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda və “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə məsələlərə baxılacaq. Eyni zamanda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.
Sessiya müddətində komitə üzvləri, həmçinin daxil olan qanun layihələrinə rəy və təkliflər hazırlayacaq, müvafiq orqanlardan, vətəndaşlardan gələn müraciətləri təhlil edəcəklər.
Komitə sədrinin müavini Fəttah Heydərov çıxışında bildirib ki, komitə üzvləri məhsuldar işləyiblər, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. O, Prezident İlham Əliyevin ABŞ-a səfəri, Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli tədbirində iştirakı barədə fikirlərini açıqlayıb. Qeyd edilib ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində, bu gün dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur.
Müzakirələrin sonunda deputatlar 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin fəaliyyətini müsbət qiymətləndirdilər, payız sessiyası üçün iş planının layihəsini təsdiq ediblər.
İclasda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri üzrə şöbəsinin nümayəndəsi Emin Eyvazov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir Əlizadə, bir sıra bələdiyyələrin sədrləri iştirak ediblər.