CƏMİYYƏT
Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası regionda öz sahəsinin flaqmanıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və MOM-un baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır.
Hazırda Uşaq Klinikası regionda öz sahəsinin flaqmanıdır. Klinikada kompleks müalicənin bütün növləri yüksək səviyyədə icra edilir. Belə ki, burada kimya və şüa terapiyası, cərrahiyyə müalicəsi, immunoterapiya üsulları uğurla həyata keçirilir.
Uşaqlarda onkoloji xəstəliklərin müalicə prinsipləri böyüklərdən çox da fərqlənmir. Lakin uşaqların müalicəsinin özünəməxsus xüsusiyyətləri var. Uşaq onkoloji xəstəlikləri ilə mübarizə sanki gözəgörünməz düşmənlə döyüşü xatırladır. Bu, çox çətin və məsuliyyətli işdir. Bunun qalibiyyət və məğlubiyyətlərlə nəticələnən öz strateji taktikası var. Müalicə prosesi uzunmüddətli və ağır olduğundan xəstələrə fiziki və mənəvi əzab verir. Bu səbəbdən ölkəmizdə uşaq onkologiyası və hematologiyasının inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirilirməkdədir.
Uşaq Klinikasında ambulator və poliklinik, kimya və şüa terapiyası, cərrahiyyə, anesteziologiya-reanimatologiya şöbələri yaradılıb. Klinikanın həkimləri müxtəlif növ diaqnostik və müalicəvi prosedurlar icra edirlər. Burada lumbal, sümük iliyi punksiyası, regionar və blok intensiv kimya terapiyası kimi üsullardan istifadə olunur. Klinikanın mütəxəssisləri təhsillərini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində alıblar. Klinikada müasir standartlara uyğun protokollarla terapiya aparılır və yaranmış fəsadlar professionallıqla aradan qaldırılır. Beynəlxalq təcrübələrdən, yeni texnoloji imkanlardan istifadə etməklə, həmçinin hər yaranmış vəziyyətə fərdi yanaşmaqla xəstə uşaqları sağaltmaq əsas məqsəddir.
MOM-un Uşaq Klinikası hazırda dövlət hesabına ən müasir tibbi avadanlıqlarla, gündəlik fəaliyyətdə tələb olunan bütün növ tibbi ləvazimatlarla və dərman preparatları ilə təmin edilib. Klinikanın həkimləri Milli Onkologiya Mərkəzinin bütün elmi şuralarında, seminar və konfranslarında, rayonlarda skrininq proqramlarında, həmçinin beynəlxalq simpozium və elmi konfranslarda fəal iştirak edirlər, xarici və yerli jurnallarda onkologiya mövzusunda elmi məqalələr dərc etdirirlər. 2007-ci ildə ilk dəfə Milli Onkologiya Mərkəzində “Uşaq onkologiyası” mövzusunda konfrans keçirilib. 2012–ci ildə “Pediatrik onkologiya” mövzusunda birinci Azərbaycan-Türkiyə simpoziumu, 2014-cü ildə Milli Onkologiya Mərkəzində “Uşaqlarda bədxassəli şişlərin diaqnostikası və müalicəsi“ mövzusunda ikinci konfrans təşkil olunub.
MOM-un nəzdində Uşaq Klinikası yaradılana qədər azərbaycanlı uşaqlar müalicə üçün xarici ölkələrə üz tuturdularsa, bu gün onların xaricə getmələrinə heç bir ehtiyac yoxdur. Uşaq Klinikasında yaradılmış şərait bunu deməyə imkan verir.
Ölkəmizdə uşaq onkologiyası bu gün sürətlə inkişaf edir. Uşaqlarda bədxassəli xəstəliklərin müalicəsi nəinki onların həyatını ölümdən qurtarmaq, həmçinin onlara mükəmməl həyat bəxş etmək məqsədi daşıyır.