REGİONLAR
Milli Qurtuluş Günü xalqımızın tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub
Astara, 8 iyun, Bağır Əliyev, AZƏRTAC
1993-cü il iyunun 15-i xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir iyunun 7-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş “Bizə qurtuluş bəxş etmiş dahi şəxsiyyət” mövzusunda tədbirdə səsləndirilib.
Toplantıda ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Azərbaycan xalqının Milli Qurtuluş Günü” adlı sənədli film nümayiş olunub.
Astara şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, məhz Qurtuluş Günündə Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşıb. Bu nailiyyətlərin əldə edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtarıb və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz və dönməz edib.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün böyük işlər görür.
Tədbirdə rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov, Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış edərək ölkəmizdə siyasi, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıblar.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nəzdində fəaliyyət göstərən Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin Milli Qurtuluş Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.