MƏDƏNİYYƏT
Mingəçevirdə beşulduzlu mehmanxana inşa edilir
Mingəçevir, 10 fevral (AZƏRTAC). “Turizm ili”ndə Mingəçevir şəhərinə işgüzar səfərə, müalicə və istirahət məqsədi ilə gələn qonaqlara yüksək səviyyəli hotel və restoran xidmətlərinin göstərilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsi, səmərəli turizm infrastrukturunun yaradılması qarşıda duran ən ciddi vəzifələrdən biridir.
AZƏRTAC xəbər verir ki, hazırda Kür çayının sağ sahilində 8 mərtəbəli, beşulduzlu yeni mehmanxananın inşası davam etdirilir. Artıq binanın 5-ci mərtəbəsində inşaat işləri başa çatdırılmışdır.
Çayın sol sahilindəki bulvar kompleksinin yenidən qurulması, Mingəçevir su anbarının sahilində Avropa standartlarına uyğun sağlamlıq-istirahət kompleksinin inşası nəzərdə tutulur. Ötən il istifadəyə verilmiş “Kür” Olimpiya Tədris-İdman Kompleksinin beşulduzlu mehmanxanası və dördulduzlu “Riverside” mehmanxanası hotel biznesinin ən mütərəqqi texnologiyalarını özündə birləşdirir, texniki imkanlarına, təqdim olunan xidmətlərin çeşidinə və keyfiyyətinə görə Avropa standartlarına cavab verir.