SİYASƏT
Misir-Azərbaycan dostluq qrupunun rəhbəri: Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı daha parlaq gələcək gözləyir
Qahirə, 16 fevral, AZƏRTAC
İşğal altında olan torpaqların azad edilməsi uğrunda müharibədə Qələbə qazanmış və özünün ərazi bütövlüyünü bərpa etmiş dost ölkə Azərbaycanı daha parlaq gələcək gözləyir.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir parlamentinin din və vəqflər komitəsi sədrinin müavini, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Usama Al-Əbd söyləyib. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər ölkənin iqtisadi qüdrətinin artırılması, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi istiqamətində yürütdüyü ardıcıl siyasət öz bəhrəsini verib. Misir parlamentinin üzvü vurğulayıb: “Mən, eyni zamanda, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüyəm. Biz torpaqların azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığımız məktubda dövlət başçısını və dost Azərbaycan xalqını təbrik etdik. Ölkənizin dostları kimi hər bir uğurunuza sevinirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Əminəm ki, Qələbədən sonra daha da güclənən Azərbaycan sürətlə inkişaf edəcək və uzun müddət öz doğma yurdundan didərgin düşmüş insanlar tezliklə evlərinə qayıdacaqlar”.
Misirin yeni tərkibdə fəaliyyətə başlayan parlamentinin də Azərbaycanla əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini artıracağını diqqətə çatdıran Usama Al-Əbd rəhbərlik etdiyi dostluq qrupunun qanunvericilik, habelə humanitar sahələrdə azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib. O, COVID-19 pandemiyasının davam etməsinə baxmayaraq, Azərbaycanın Misirdəki səfirliyi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş konfransın və rəsm sərgisinin keçirilməsini yüksək qiymətləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə