DÜNYA
Misir qonşu Liviyada dayanıqlı sülhə və sabitliyə töhfə verəcək
Qahirə, 16 sentyabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi Liviyanın milli birlik hökumətinin başçısı Əbdel Həmid Əl-Dbaiba ilə görüşündə rəsmi Qahirənin qonşu Liviyada dayanıqlı sülhün və sabitliyin bərpasına böyük əhəmiyyət verdiyini söyləyib. O əlavə edib ki, Misir bu işə töhfə verəcək.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bir gün əvvəl general Xəlifə Həftarı da qəbul edən Misirin dövlət başçısı Liviyada bütün tərəflər arasında əldə olunmuş konsensusun davam etməsinin vacibliyini vurğulayıb. Prezident əl-Sisi Əl-Dbaiba ilə görüşdə qeyd edib ki, regional sabitliyin əsas şərtləri Liviyanın suverenliyi və ərazi bütövlüyünün təmini, həmçinin xarici qüvvələrin tezliklə bu ölkəni tərk etməsidir. O, həmçinin qonşu ölkənin iqtisadi və sosial problemlərinin həllinə kömək ediləcəyini də deyib.
Liviya milli birlik hökumətinin başçısı Misirin onun ölkəsində sabitliyin təminində aparıcı rolunu vurğulayıb, dekabrda keçirilməsi nəzərdə tutulan ümumxalq seçkilərinə hazırlıq məsələlərindən bəhs edib. O bildirib ki, Liviya bütün qonşularla və digər ölkələrlə qarşılıqlı hörmət və etimad şəraitində əlaqələr qurmaq istəyir.
Qəbuldan sonra Qahirədə Misir-Liviya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə