CƏMİYYƏT
Moskvada “Abşeron yarımadasında neft hasilatının formalaşması tarixi” adlı sərgi açılacaq
Moskva, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Neft” pavilyonu və “LUKOIL” PSC Muzeyi ilə birgə hazırlanan və Azərbaycan Neftçiləri Gününə həsr olunmuş “Abşeron yarımadasında neft hasilatının formalaşması tarixi” adlı sərginin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə Abşeron yarımadasında neft sənayesinin yaranması və formalaşması tarixinə aid sənəd və materiallar təqdim ediləcək. Onların arasında Xəzərdə neft sənayesinin inkişafını əks etdirən maketlər, rəsmlər, uniformalar, fotomateriallar, sənədlər, videofilmlərin fraqmentləri və digər artefaktlar var.
Eksponatlar elə seçilib ki, ziyarətçilər XIX əsrin ortalarından neft hasilatının təkamülünün real mənzərəsini təsəvvür edə bilsinlər. Bundan başqa, ekspozisiyada 1995-ci ildən başlayaraq Xəzər regionunda “LUKOIL” şirkətinin fəaliyyəti əks olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva