CƏMİYYƏT
Moskvada Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilib
Moskva, 28 sentyabr, AZƏRTAC
Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları “Şimal-Cənub” Politoloji Mərkəzi və “Baku Network” ekspert platformasıdır.
Konfransın moderatorları “Baku Network” ekspert platformasının Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin direktoru Gülnarə Məmmədzadə və “Şimal-Cənub” Politoloji Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikovadır.
Tədbirdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali də iştirak edib.
RF Ticarət-Sənaye Palatasının departament direktoru Aleksandr Korkov və Azərbaycanın RF-dəki Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Namiq Xəlilov tədbir iştirakçılarını salamlayıblar.
Dəyirmi masanın iştirakçıları - “Afanasi Nikitin” assosiasiyasının idarəçi direktoru İqor Qots, “Cənubi Qafqaz” Politoloji klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İranın Azərbaycanda və Türkiyədəki keçmiş səfiri Əlirza Bikdeli və başqaları limanlarda sənaye parklarının və sərbəst iqtisadi zonaların, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı, dəmir yolu, dəniz, çay kommunikasiyaları və avtomobil yolları vasitəsilə yükdaşımaların artırılması, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin inkişafı məsələlərini müzakirə ediblər.
İranın RF-dəki səfiri Kazım Cəlali “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin və “Rəşt-Astara” dəmir yolu tikintisinin başa çatdırılmasının onun ölkəsi üçün əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, avtomobil yolları və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı da böyük əhəmiyyət kəsb edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva