MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində Assim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi açılıb
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Assim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən muzeyin icraçı direktoru Xəyyam Abdinov rəssamın yaradıcılığından söhbət açıb. Bildirib ki, sərgidə rəssamın 30-dək rəngkarlıq əsəri nümayiş olunur.
Sonra rəssam sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Assim Rəsuloğlu 1955–ci ildə Şəki şəhərində anadan olub. 1971–1975–ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. O, Belarus Dövlət Dramaturgiya İnstitutunu teatr və incəsənət fakültəsində monumental rəngkarlıq ixtisası üzrə bitirib, 1978-ci ildən etibarən müxtəlif sərgilərin iştirakçısı olub, 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.
Assim Rəsuloğlu hazırda Türkiyədə Antalya Universitetində müəllim kimi fəaliyyət göstərir.
Muzeydə sərgilənən əsərlər bir daha təsdiqləyir ki, yaradıcı insanın dünyası dəyişən fantaziya və hisslərlə zəngindir. İncəsənət rəssam üçün sonsuz, daimi axtarışlar deməkdir. Müəllif hesab edir ki, əsərin adı böyük əhəmiyyət daşımır, sadəcə bəhanə rolunu oynayır. İncəsənət sonu görünməyən həyatdır. Rənglərin müxtəlifliyi rəssamın qəlbinə, onun dünyasına açılan pəncərədir. Ədəbiyyatda sözlər səslənir, rəsm əsərlərində isə rənglər....
Assim Rəsuloğlunun Yaponiya, Rusiya, ABŞ, Danimarka və Türkiyədə fərdi sərgiləri keçirilib. Əsərləri bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində Assim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi martın 5-dək davam edəcək.