ELM VƏ TƏHSİL
“Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” kitabı çapdan çıxıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun redaktorluğu ilə “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, rəyçiləri coğrafiya elmləri doktoru, professor Fərda İmanov və texniki elmlər doktoru, professor Nazim Hüseynovdur.
Əsərdə müasir dünyanın ən təbii qlobal problemi olan iqlim dəyişmələri, baş verən təhlükəli hidrometeoroloji hadisələr təhlil edilib, iqlim dəyişmələri faktlar, səbəblər, ehtimal olunan variantlar əsasında araşdırılıb. Nəşrdə real faktlar əsasında Azərbaycanda regional iqlim dəyişmələri qiymətləndirilib, təhlükəli hidrometeoroloji hadisələrin sistematik analizi verilib.