CƏMİYYƏT
“Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda nümunəvi tədbir keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi fevralın 28-də Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda nümunəvi tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və 132-134 nömrəli təhsil kompleksinin müəllim və şagird heyəti iştirak edib.
Tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşları xilasetmə texnika və avadanlığını nümayiş etdirib, onların təyinatı və iş prinsipləri barədə məlumat veriblər. Həmçinin müxtəlif təyinatlı 12 avtomobilə və 170 nəfərlik heyətlə cəlb olunmuş ərazi mülki müdafiə qüvvələrinə baxış keçirilib, texnika, əmlak və avadanlıq nümayiş etdirilib.
Sonra mərkəzin əməkdaşları Mülki Müdafiə Günü ilə bağlı baş tutan açıq dərslərdə iştirak edib, şagirdlərin suallarını cavablandırıblar.
Bakı Regional Mərkəzinin əməkdaşları 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı paytaxtın digər məktəblərində, müxtəlif müəssisə və təşkilatlarda da oxşar tədbirlər təşkil ediblər.