REGİONLAR
Muxtar respublika idmançıları ötən ay yüksək səviyyəli yarışlarda 16 medal qazanıblar
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Ötən ay muxtar respublika idmançıları Azərbaycan birinciliyində 3, beynəlxalq turnirdə 13 medal olmaqla, ümumilikdə, 16 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən avqust ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülüb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin və idmançıların iştirakı ilə “Yay məktəbi”, həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar gənclərin muzeylərə ekskursiyaları təşkil olunub.
Avqust ayında idman sahəsində kütləviliyin təmin olunması üçün müxtəlif idman növləri üzrə bir sıra birinciliklər və yoldaşlıq görüşləri keçirilib, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilib.