REGİONLAR
Muxtar respublikada dəmir yolu vasitəsilə 83 mindən çox sərnişin daşınıb
Naxçıvan, 11 iyul, AZƏRTAC
Bu ilin 6 ayında Şərur-Culfa, Ordubad-Şərur yük-sərnişin qatarlarında 83 min 631 sərnişin daşınıb. Bundan əlavə, 87 min 135 kiloqram poçt-baqaj yükünün daşınması həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə yarım ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncaqda ətraflı danışılıb. Cəmiyyətin direktoru Mahir Əliyev məruzə ilə çıxış edərək bildirib ki, 2019-cu ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda lokomotivlər 194 min 494 kilometr yürüş edib, 59 milyon 860 min ton/kilometr yük daşıyıb. Plan-proqnoza görə 4,5 min ton yük vurulması və daşınması nəzərdə tutulduğu halda, faktiki olaraq 140 min 717 ton yük daşınıb. Bu da plan-proqnozda nəzərdə tutulduğundan 31 dəfə çoxdur. Bəhs olunan dövrdə yük dövriyyəsinin həcmi proqnozda nəzərdə tutulan 700 min ton/kilometrə qarşı, faktiki 11 milyon 21 min ton/kilometr olub və proqnoz tapşırıq 15,7 dəfə artıq yerinə yetirilib. Sərnişin dövriyyəsinin həcmi proqnozda nəzərdə tutulan 2,8 milyon sərnişin/kilometrə qarşı, faktiki 2 milyon 909 min sərnişin/kilometr təşkil edib və proqnoz tapşırığa 103,8 faiz əməl olunub.
Hesabat dövründə dəmir yolunun ayrı-ayrı sahələrində qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra işlər görüldüyünü diqqətə çatdıran Mahir Əliyev bildirib ki, Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə ÇME-3 seriyalı yeni manevr teplovozu alınıb.
Sonra məruzə ətrafında çıxışlar olub.