REGİONLAR
Muxtar respublikada təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində maarifləndirilməsi işləri davam etdirilir
Naxçıvan, 8 may, AZƏRTAC
Muxtar respublikada əcnəbi tələbələrin miqrasiya sahəsində maarifləndirilməsi, öz hüquq və vəzifələri ilə bağlı məlumatlandırılmaları istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən növbəti belə tədbir Naxçıvan Biznes Mərkəzində olub.
Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə əcnəbi tələbələr üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Ulu Öndərimizin təhsilin inkişafı sahəsində misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün uğurla həyata keçirilən təhsil siyasəti tədrisin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalığının artmasına və tələbələrin mükəmməl təhsil almasına imkan verib. NDU-da ali təhsil alan əcnəbi tələbələrin sayının ilbəil artması da atılan məqsədyönlü addımların bəhrəsidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev çıxış edərək bildirib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır. Vurğulanıb ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maarifləndirilməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, həm də muxtar respublikanın turizm potensialının təbliğinə xidmət edir.
Xidmətin baş inspektoru Elnur Zellabdinov çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması və yaşaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
“Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzusunda xidmətin baş inspektoru Vəli Quliyev çıxış edərək slaydlarla tələbələri miqrasiya sahəsində qanunvericiliyin pozulması halları, habelə buna görə yaranan məsuliyyətlər barədə ətraflı məlumatlandırıb.
Universitetin tibb fakültəsinin müalicə işi ixtisası üzrə tələbəsi Cosef Okpamen Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.
Diskussiya şəklində davam edən tədbirdə əcnəbi tələbələrə maarifləndirici bukletlər təqdim olunub, müvafiq müraciətlər qəbul edilib. Həmçinin Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq olub.
Sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mini futbol yarışı keçirilib. Dörd komandanın iştirak etdiyi yarışda “Stomatologiya” komandası I, “Dünya iqtisadiyyatı” komandası II, “Əczaçılıq” komandası III yerə layiq görülüblər. Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.