ELM VƏ TƏHSİL
NƏSİMİ RAYONUNDAKI MÜASİR TƏHSİL KOMPLEKSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI OLMUŞDUR
Milli Məclisin sədri Murtuz Ələsgərov abidənin üzərindəki ağ örtüyü götürdü. Azərbaycanın dövlət himni səsləndi.
Abidənin müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış edərək kompleksin müəllim və şagird kollektivini 15 sentyabr Bilik günü və kompleksə ümummilli liderimizin adının verilməsi, burada abidəsinin açılması münasibətilə təbrik etdi. Parlamentin sədri dedi ki, Azərbaycanın ən yeni tarixi böyük öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. İndi Azərbaycanın bir sıra şəhər və rayonlarında ulu öndərimizin abidələri açılır. Əslində isə, bütün həyatını vətənin, xalqın xoşbəxt gələcəyinə həsr etmiş dahi şəxsiyyət Azərbaycanın qədirbilən hər bir vətəndaşının qəlbində özünə əbədi abidə ucaltmışdır. Heydər Əliyev həmişə Azərbaycanın elminə, təhsilinə xüsusi diqqət yetirmişdir, məhz onun səyləri nəticəsində təhsillə bağlı böyük proqramlar hazırlanmış və ardıcıl olaraq həyata keçirilməkdədir. O, 2001-ci il sentyabr ayının 1-də bu kompleksin açılış mərasimində demişdir ki, biz burada gələcək elmin, təhsilin əsasını qoyuruq. Gənclərimiz bundan sonra ən müasir avadanlıqla təchiz olunmuş sinif otaqlarında dərs keçəcəklər. Bu da gələcəkdə öz töhfəsini verəcəkdir.
Murtuz Ələsgərov daha sonra vurğuladı ki, hazırda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də Heydər Əliyevin siyasəti, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının respublikada Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında Fərmanı, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiq edilməsi barədə Sərəncamı bunun daha bir təzahürüdür.
Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı ilə çıxışına başlayan təhsil naziri Misir Mərdanov vurğuladı ki, Kompleksə Heydər Əliyevin adının verilməsi və burada onun abidəsinin ucaldılması bizi yüksək təhsilli gələcəyə səsləyir. Bu gün Azərbaycanda fəaliyyət göstərən məktəblərin yarıdan çoxu şəxsən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilmişdir. Təkcə son iki ildə respublikamızda 150 yeni məktəb binası istifadəyə verilmiş, 800-ə yaxın məktəb əsaslı təmir olunmuşdur.
Sonra məktəblilər ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Təhsil ocağının direktoru Elman Məmmədov kompleksə dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin kollektivin məsuliyyətini daha da artırdığını vurğuladı, müəllim və şagirdlərin bu adı şərəflə doğruldacağını bildirdi.
Şagirdlər musiqi sədaları altında abidə önünə tər qərənfillər düzərək məktəbə daxil oldular.
Qonaqlar məktəbin sinif otaqlarına baxdılar, bina ilə yaxından tanış oldular.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, müavinlər Gövhər Baxşəliyeva və Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, deputatlar, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak edirdilər.