DÜNYA
NATO ölkələrinin dövlət və hökumət başçılarının sammiti bu ilin dekabrında Londonda keçiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Şimali Atlantika Alyansının 29 ölkəsinin dövlət və hökumət başçılarının sammiti 2019-cu ilin dekabr ayında Londonda baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Alyans ölkələri dövlət və hökumət başçılarının sammitinin 2019-cu ilin dekabrında Londonda keçirilməsi barədə razılığa gəliblər. Biz NATO-nun 70 illiyinin qeyd olunacağı ildə bu görüşü qəbul etdiyinə görə Böyük Britaniyaya minnətdarıq. Birləşmiş Krallıq Şimali Atlantika Alyansını quran 12 dövlətdən biridir”, - deyə Stoltenberq bildirib.
Sammitdə Birləşmiş Ştatların orta və uzaq mənzilli raketlərin ləğv edilməsi barədə sazişdən çıxması fonunda alyans liderləri yeni qanadlı raketlərin hazırlanması üçün əlavə maliyyə ayrılması məsələsini müzakirə edəcəklər. Bundan əlavə, görüşdə NATO-ya üzv olacaq Makedoniyanın Alyansa daxil olma protokolu elan edilməlidir. Protokol sammitə qədər bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunmalıdır.