REGİONLAR
NDU ilə Yıldız Texnik Universiteti arasında biotexnologiya və tətbiq sahələri mövzusunda vebinar keçirilib
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında biotexnologiya və tətbiq sahələri mövzusunda vebinar keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vebinarda çıxış edən Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki ali təhsil ocağı arasındakı beynəlxalq əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırıb ki, ötən il universitetin bir qrup heyətinin qardaş Türkiyəyə səfəri çərçivəsində Yıldız Texnik Universiteti ilə təhsil sahəsində bir sıra müqavilələr imzalanıb. Prorektor iki universitet arasında mütəmadi olaraq müxtəlif sahələr üzrə onlayn görüşlərin keçirildiyini vurğulayaraq, bu kimi tədbirlərin qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmini qeyd edib. Rafiq Rəhimov ali təhsil ocağında biotexnologiya və nanotexnologiyalar sahəsində əldə olunan yenilikləri vebinar iştirakçılarının diqqətinə çatdırıb.
Yıldız Texnik Universitetinin Biomühəndislik şöbəsinin professoru Dilek Balık iştirakçıları salamlayıb, görüşdən məmnunluğunu ifadə edib. Dilek Balık araşdırma universiteti statusu alaraq texnologiya sahəsində Türkiyədəki qabaqcıl ali təhsil ocaqlarından biri kimi fəaliyyət göstərən Yıldız Texnik Universiteti haqqında ətraflı məlumat verib.
Professor biotexnologiya nədir, onun üç əsas dövrü, biotexnologiyanın tarixində önəmli məqamlar, onun əsas tətbiq sahələri, sağlamlıq biotexnologiyası, nano-texnoloji yanaşmalarla antibiotiklərin effektivliyinin artırılması mövzularında danışıb. O, Yıldız Texnik Universitetində sağlamlıq biotexnologiyası sahəsində həyata keçirilən işlər, bioinformatika, molekulyar biologiya və genetika, biotibbi cihaz və süni intellekt texnologiyaları, sənaye biotexnologiyası, onun istehsal müddəti, kənd təsərrüfatı biotexnologiyası, ekoloji, dəniz və qida biotexnologiyaları barədə də geniş danışıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda professora universitetin elektron formada təşəkkürnaməsi təqdim edilib.