İDMAN
“NEFTÇİ”NİN YENİYETMƏ FUTBOLÇULARI XATİRƏ TURNİRİNİN BÜRÜNC MEDALLARINI QAZANMIŞLAR
48 komandanın iştirak etdiyi yarışda Azərbaycanı “Neftçi”nin 1994-95-ci və 1992-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları təmsil etmişlər. 1994-95-ci il təvəllüdlü futbolçuların yarışında “Neftçi” qrup mərhələsini keçə bilməsə də, layiqli mübarizə ilə yadda qalmışdır. Bu yaş qrupunda komandamızın 9 yaşlı futbolçusu Etibar Süleymanov ən yaxşı hücumçu kimi xüsusi mükafata layiq görülmüşdür.
1992-ci il təvəllüdlü yeniyetmələrin yarışında isə İslam Kərimovun yetirmələri qrupda bütün oyunları qələbə ilə başa vuraraq, 9 xalla birinci yeri tutmuşlar. Dörddəbir finalda Azərbaycan futbolçuları “Tbilisi” komandasını 4:1 hesabı ilə məğlub edərək yarımfinala çıxmışlar. Bu mərhələdə “İberiya” (Tbilisi) ilə keçən gərgin qarşılaşmanın əsas vaxtında və əlavə olunmuş dəqiqələrində qol vurulmamışdır. Qalibi müəyyən etmək üçün qapılara təyin olunan 6 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Gürcüstan komandası finala vəsiqə qazanmışdır. “Neftçi” isə üçüncü yer uğrunda görüşdə “Dinamo-2”ni (Tbilisi) 3:2 hesabı ilə məğlub edərək turnirin bürünc medallarına sahib olmuşdur.
Qeyd edək ki, bu görüş yerli televiziya kanalı ilə canlı yayımlanırdı. Bundan başqa, “Neftçi”nin futbolçusu Mirhüseyn Hüseynov turnirin ən texnikalı oyunçusu seçilmişdir.