REGİONLAR
Naxçıvan Dövlət Universitetində foto-video müsabiqəyə yekun vurulub
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Mili-mənəvi dəyərlərimizi yaşadan Novruz adətləri” adlı foto-video müsabiqəyə yekun vurulub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Novruz bayramının dünyanın yaranma və yaşam sirlərini, həmçinin gələcəyə, xoşbəxtliyə, bolluğa olan ümidi əks etdirdiyini bildirib. Rektor bayramın ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən də danışaraq deyib ki, Azərbaycan xalqı əsrlərboyu bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb.
Vurğulanıb ki, tələbələr tərəfindən çəkilən foto-videolar NDU-nun “Instagram” səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 60-a yaxın foto-video buraxılıb. Qaliblər universitetin “Instagram” səhifəsində ən çox bəyənmə alan 10 video və foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyasında stomatologiya ixtisası üzrə V kurs tələbəsi Ayşən Məmmədova müsabiqənin qalibi olub. Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günay Qənbərova II, müalicə işi ixtisası üzrə II kurs tələbəsi Təranə Həsənova III, stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Mehrnaz Eskandarinia isə həvəsləndirici yerə layiq görülüb.
Video müsabiqənin qalibi isə kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Zeynəb Dünyamalıyeva olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənli II, təsviri-incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbani Əliyeva III, həmin ixtisas üzrə Günay Həsənova isə həvəsləndirici yer tutub.
Qaliblər NDU-nun diplom və pul mükafatı ilə təltif olunublar.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov müsabiqələrin keçirilməsinin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini qeyd edib, müsabiqə iştirakçılarına təbriklərini çatdırıb. Prorektor növbəti müsabiqənin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacağını bildirib.