REGİONLAR
Naxçıvanda Novruz şənliyi keçiriləcək
Naxçıvan, 14 mart, AZƏRTAC
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı şənliyi keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq.
Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Həmçinin iştirakçılara milli mətbəx nümunələrimiz təklif olunacaq, əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstəriləcək.
Martın 21-24-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcək.
Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzey tipli müəssisələr xidmət göstərəcək. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı martın 22-də, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı martın 20-23-də, Naxçıvan Dövlət Uşaq Teatrı martın 20-25-də tamaşalar göstərəcəklər.
Martın 19-25-də muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcək. Eyni zamanda, martın 25-də Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film təqdim olunacaq.