QAN YADDAŞI
Naxçıvanda Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi açılıb
Naxçıvan, 22 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilən cinayət olduğunu diqqətə çatdırıb, Azərbaycan xalqının və bütün mütərəqqi bəşəriyyətin bu amansız qətliamı heç zaman unutmayacağını vurğulayıb.
Faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıldığını və bu işdə hər bir azərbaycanlının fəal iştirakının vətəndaşlıq borcu olduğunu bildirən Ülviyyə Həmzəyeva vurğulayıb ki, Xocalıya həsr edilən sərgidə gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Həmzə Sadiqov qeyd edib ki, əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı təsviri sənət ustalarımızın yaradıcılığında da öz əksini tapıb. Naxçıvanlı rəssamlar bu mövzularda müxtəlif janr və üslubda rəsm əsərləri yaradıblar.
Sonra sərgiyə baxış olub.
Sərgidə 24 rəssamın 44 əsəri nümayiş olunur. Rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.