REGİONLAR
Naxçıvanda kənd təsərrüfatının inkişafına həsr edilmiş Dövlət Proqramı qəbul edilib
Naxçıvan, 29 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq, kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq, muxtar respublikada özünüməşğulluğu təmin etməkdir.
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunmasına, istehsal olunan məhsulların ixrac potensialının artırılmasına, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasına yol açacaq.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş Dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırıb, əkin sahələri genişlənib, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşıb, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan verib, ixrac potensialı formalaşıb. Yeni Dövlət Proqramı ötən dövrdə bu sahədə qazanılmış müsbət nəticələrin davamlılığını təmin edəcək.