REGİONLAR
Naxçıvandakı şadlıq evlərinin sahibləri: Bizə heç bir məhdudiyyət qoyulmayıb
Naxçıvan, 28 iyun, AZƏRTAC
Son iki gündə internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Artıq bu məlumatların yalan olması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyi rəsmi açıqlama yayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvandakı şadlıq evlərinin sahibləri də məsələyə münasibətlərini bildiriblər.
“Araz” şadlıq sarayının sahibi Səxavət Bayramov bildirib ki, sosial şəbəkələrdə Naxçıvanda toy mərasimləri zamanı yemək verilməyəcəyi ilə bağlı məlumatları oxuyub. O deyib: “Şadlıq sarayının sahibi kimi deyə bilərəm ki, Naxçıvanda toy mərasimlərində yemək verilməməsi ilə bağlı məhdudiyyət qoyulmayıb. İyulun 1-dən şadlıq sarayında toy və digər şənlik mərasimləri pandemiya qaydalarına uyğun təşkil olunacaq və məclis iştirakçılarına sifarişə uyğun yemək hazırlanıb veriləcəkdir. Menyularımız da hazırdır”.
“Gəlinqaya” şadlıq sarayının sahibi Yusif Dünyamalıyev isə qeyd edib ki, artıq 1 iyul tarixindən toyların keçirilməsi üçün hazırlıqları yekunlaşdırıblar: “Bildirmək istəyirəm ki, məclislərimiz pandemiya şərtlərinə uyğun keçiriləcək və yeməklər sifarişə uyğun hazırlanıb veriləcəkdir. Sosial şəbəkələrdə, internetdə belə şaiəyələrin yayılmasını pis, iyrənc adətə çeviriblər. Yaxşı olar ki, hər hansı bir məlumat yayanda həmin sahənin adamlarından dəqiqləşdirələr, soruşalar. Yoxsa kim nə gəldi yazır, paylaşır camaatı aldadır. Belə əsassız məlumatlar adamda ikrah doğurur”.