REGİONLAR
Naxçıvanlı rəssamlar rəsm əsərlərini muzeylərə hədiyyə ediblər
Naxçıvan, 22 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı olub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikanın mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, son illər muxtar diyarda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi bunun bariz ifadəsidir.
Vurğulanıb ki, bu gün muzeylərə eksponat toplanması istiqamətində keçirilən növbəti təqdimat mərasimi təsviri incəsənətimizlə bağlıdır. Tanınmış rəssamlarımız, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev müxtəlif illərdə portret və mənzərə janrlarında yağlı boya ilə kətan üzərində yaratdıqları yazıçı Mir Cəlal Paşayevin və Ağa Məhəmməd Hadinin portretlərini, “Qarabağ Azərbaycandır!”, “Əshabi-kəhf”, “Əlincə vadisi”, “Şahbuz mənzərəsi”, “Adana dağları”, “Yun darayan qadınlar”, “Bizim həyət” və digər bu kimi 16 sayda rəsm əsərini muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edirlər. Nazir hədiyyə olunan rəsm əsərlərinə görə Həmzə Sadiqova və Nəsrulla Musayevə təşəkkür edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Həmzə Sadiqovun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən Natəvan Qədimova vurğulayıb ki, ilk dəfə 1977-ci ildə fərdi sərgisi keçirilən Həmzə Sadiqov 1980-ci ildə Moskvadakı Xalq İncəsənəti Universitetini bitirib. 2004-cü ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Təşkilatının Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan bütün sərgilərdə iştirak edir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Muxtar respublikada yaşayıb fəaliyyət göstərən istedadlı rəssamlardan olan Nəsrulla Musayev 1985-ci ildə Bakı şəhərindəki Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, 2017-ci ildən isə Azərbaycan Rəssamlar Birliyinin üzvü olan rəssamın əsərlərində xalqımızın milli dəyərlərinin təsviri və təbliği özünəməxsus yer tutur.
Sonda Natəvan Qədimova muxtar respublikada tarix və mədəniyyətin inkişafına göstərilən diqqət və qayğıya görə mədəniyyət və incəsənət sahəsində çalışanlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə olunması işində iştirak edən bütün vətəndaşlara təşəkkürünü bildirib.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev çıxış edərək, hədiyyə etdikləri rəsm əsərlərinin tarix və mədəniyyətimizin qorunduğu muzeylərdə layiqincə mühafizə olunaraq gələcək nəsillərə çatdırılacağına əminliklərini bildiriblər. Qeyd ediblər ki, bundan sonra da muzeylərlə əlaqələri davam etdirəcəklər.
Sonda hədiyyə olunmuş rəsm əsərlərinin sərgisinə və Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış keçirilib.