ELM VƏ TƏHSİL
Neft ehtiyatı çətin çıxarıla bilən yataqlar tədqiq olunacaq
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun lay sistemlərinin hidroqazdinamikası şöbəsi 2019-cu ildə yerinə yetiriləcək işlərin planını təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə cari ildə dərinlikdə yerləşən karbohidrogen yataqlarının işlənilməsi zamanı hidrotermodinamiki proseslərin qarşılıqlı təsirinin modelləşdirilməsini və süzülmə-tutum parametrlərinin təyininin yeni identifikasiya üsullarının yaradılmasını, qazkondensat yataqlarında proseslərin fiziki-termodinamiki xüsusiyyətlərini və digər proseslərin tədqiqini nəzərdə tutur.
Tədqiqatlar, həmçinin Azərbaycanın neft ehtiyatı çətin çıxarıla bilən yataqlarının qeyri-bircins laylarında hasilat göstəricilərinin artırılmasına yönələcək. Məlumdur ki, işlənilmənin səmərəli texnologiyalarının tətbiqi layların geoloji quruluşu və yatım şəraiti, lay flüidlərinin fiziki-kimyəvi xassələri, karbohidrogen xammalının halı və ehtiyatları ilə şərtlənir. Xüsusi halda qəbul edilən həllərin səmərəliliyinə qeyri-bircinslik amili təsir göstərir. Bu amilin təsiri çoxsaylı tədqiqatların olmasına baxmayaraq, kifayət dərəcədə öyrənilməyib. Mövcud təsnifatlaşdırma ehtiyatların çıxarılmasının çətinlik dərəcəsini kifayət dərəcədə əks etdirmir. Bununla əlaqədar olaraq, neft ehtiyatı çətin çıxarıla bilən yataqlarda qeyri-bircins laylardan hasilatın intensivləşdirilməsi və neft veriminin artırılması texnologiyalarının təkmilləşdirilməsinin şərait və üsullarının, neftçıxarmanın çətinlik dərəcəsinin təsnifat qiymətləndirilməsi, habelə layların qeyri-bircinsliyinin müfəssəl öyrənilməsi planlaşdırılır.