REGİONLAR
Neftçaladakı yod zavodunda ildə 350 ton yod istehsal olunur
Neftçala, 29 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçalada yod istehsalına ötən əsrin əvvəlindən başlanılıb. Belə ki, 1927-ci ildə 5 nömrəli quyu fontan vurarkən oradan neftlə yanaşı, duzlu su da çıxır və analiz aparılarkən bu suyun tərkibində yod olduğu məlum olur. Sonralar bu ərazidə zəngin yod ehtiyatları aşkarlanır. Həmin illər burada quyular şəklində ilkin yod zavodu tikilir və 1931-ci ilin aprelində Bakıya 1500 kiloqram yod göndərilir. 1932-ci ilin may ayında rayonun indiki Mirqurbanlı kəndində yeni yod zavodu istifadəyə verilir. Sonralar Xəzər dənizinin sahillərində yeni yodlu-bromlu su yataqları aşkar olunur. 1984-cü ildə burada istehsal gücü əvvəlkindən 4 dəfə çox olan yod-brom zavodu tikilir.
Sovetlər İttifaqı dağıldıqdan sonra iqtisadi çətinlik nəticəsində zavodun fəaliyyəti dayanır. Yalnız 2004-cü ildən zavodda əsaslı təmir işlərinə başlanılır. Əsaslı təmir işləri başa çatdıqdan sonra zavod 2007-ci ildə “Azər-yod” MMC şəklində fəaliyyətə başlayır və burada istehsal olunan kristal yod və dəmir-bromid duzu ölkə və xarici bazarlara çıxarılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənaye yararlı yodlu bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində çıxır. 170 nəfər işçinin çalışdığı müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-dən istifadə olunur. Gün ərzində bu quyulardan 25 min kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinlikdən çıxarılan yodlu-bromlu su 8 mərhələdən keçirilərək kristal yod halına gətirilir və sonradan təyinat üzrə istehsal halına salınır. İldə zavodda 200 ton yod istehsal olunur. 26 min kubmetr yodlu-bromlu sudan isə 1 ton yod alınır.
Zavodunun direktoru Rəşad Xəlilov bildirib ki, məhsul istehsalını artırmaq üçün yeni bir istehsal sahəsinin yaradılması da planlaşdırılıb. Bu sahə işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq. Ötən il zavodda 5 faizli yod məhsulun istehsalı sexi tikilib. Yod povidon sexinin tikintisinin isə bu il başa çatdırılması nəzərdə tutulub. Hazırda natryum bromid istehsalı üzrə mütəxəssislərlə məsləhətləşdirilmələr aparılır və müsbət rəy alınarsa, zavodda ildə 1000 ton natryum bromid istehsal olunacaq.
Qeyd edək ki, Neftçaladakı yod zavodu məhsulun keyfiyyətinə görə MDB ölkələri arasında birinci, yol rezervləri üzrə isə dünyada üçüncüdür.