SİYASƏT
Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın təxribatına etiraz edirlər VİDEO
Rotterdam, 14 iyul, AZƏRTAC
Niderland Krallığının Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” Futbol Klubunun ofisində bu ölkədəki bütün diaspora təşkilatlarımızın toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan bütün təşkilatlar, eləcə də Hollanda-Azərbaycan Türk Kültur Dərnəyinin nümayəndələrinin iştirak etdiyi toplantıda soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatına etirazlarını bildiriblər.
Toplantı iştirakçıları Tovuz döyüşlərində həlak olan əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BAK-ın rəhbəri Elsevər Məmmədov toplantını açaraq, hər kəsə bu toplantıya qoşularaq birlik nümayiş etdirdikləri üçün təşəkkürünü bildirərək deyib: “Bildiyiniz kimi, iyulun 12-də Vətənimiz yenə də qəfil düşmən hücumuna məruz qalıb. Bu xəbər bütün azərbaycanlılar, xüsusilə də xaricdə yaşayan bütün soydaşlarımız tərəfindən narahatlıqla qarşılanıb. Hər kəsin qəlbi Vətənlə döyünür, hər birimiz uzaqdan da olsa, nə isə etmək istəyirik, dövlətimizə, ordumuza, əsgərlərimizə dəstək olmaq üçün yollar axtarırıq. Buraya toplanmaqda da məqsədimiz bu ağır günlərdə tək-tək deyil, məqsədyönlü və təşkilatlanmış formada addımlar atmaq haqqında planlar qurmaqdır”, -deyə E.Məmmədov diqqətə çatdırıb.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən olan Mayisə Ağamirzəyeva mənfur düşmənin gözlənilməz təcavüzünü pisləyərək bildirib ki, bu, düşmənin ölkəmizə ilk qəfil həmləsi deyil. “Dəfələrlə erməni hərbi hissələrinin hücumuna məruz qalan Azərbaycan Ordusu hər dəfə bu ağır sınaqlardan üzüağ çıxıb. Hələ Aprel döyüşlərində ermənilərə layiqincə dərs verilsə də, təəssüf ki, bundan nəticə çıxarmadılar. Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir günlərdə ermənilərin atdığı bu addım isə heç bir insanlığa sığmır. Biz Azərbaycan diaspor təşkilatları da bu erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu gün birlik günüdür, bu gün biz də “Biz səninləyik Azərbaycan, qəlbimiz Vətənlə döyünür!” deməyə toplaşmışıq”,-deyə vurğulayıb.
Hollanda-Azərbaycan Türk Kültur Dərnəyinin başkanı İlhan Aşkın da çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyib. Azərbaycan xalqının ağrı-acılarının həm də bütün türk xalqlarının və Türkiyənin ağrısı olduğunu vurğulayıb.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının digər əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev söylənilən fikirlərlə həmrəy olduğunu bildirərək qeyd edib ki, artıq Ermənistan hərbi qüvvələrinin Azərbaycan sərhədini pozaraq Tovuz rayonu istiqamətində hücuma keçdikləri barədə holland dilində bəyanat hazırlanıb və sosial media vasitələri ilə holland ictimaiyyətinin diqqətinə çatdırılıb. Eyni zamanda, Niderland Krallığında fəaliyyət göstərən bütün diaspora təşkilatlarının imzası ilə lazımi beynəlxalq siyasi qurumlara göndərilib.
İclasda iştirak edən digər təşkilatların rəhbərləri də bu ağır günlərdə xalqımızın, dövlətimizin və ordumuzun yanında olduqlarını dilə gətiriblər.
Sonda Niderlanddakı diaspora nümayəndələri bir sıra qərarlar qəbul ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam