CƏMİYYƏT
Nizami rayonunda IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan tədbir keçirilib
Bakı, 24 may, AZƏRTAC
Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi məktəbdə Nizami Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş “Uşaqlar bizim sevincimizdir” tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat rayon icra hakimiyyətinin saytında verilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 54 ölkənin idmançıların iştirak etdiyini diqqətə çatdırıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında idmanın 24 növü üzrə keçirilən yarışlarda Azərbaycan idmançılarının 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə edərək parlaq qələbə qazanmasını ölkəmizdə idmanın inkişafına olan diqqət və qayğının nəticəsi olduğunu nəzərə çatdırıb.
Tədbir gənc müğənnilərin ifasında səslənən musiqi nömrələri ilə davam etdirilib. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar uşaqlarda gözəl əhval-ruhiyyə yaradıb. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng edib.