DÜNYA
Norveçin Baş naziri Yeni Zelandiyada törədilmiş terror aktını Anders Breyvikin cinayəti ilə müqayisə edib
Stokholm, 15 mart, AZƏRTAC
Norveçin Baş naziri Erna Sulberq Yeni Zelandiyada törədilmiş qanlı terror aktını 2011-ci il iyulun 22-də Anders Breyvikin silahlı hücumu ilə müqayisə edib.
AZƏRTAC xəbər verir ki, Norveç hökumətinin rəhbəri bu iki qanlı cinayət arasında paralel apararaq həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, baş verənlər Norveçin tarixində ən ağır insidentlərdən biri olmuş hadisələri xatırladır. Erna Sulberq əlavə edib ki, hər iki cinayətkar - avstraliyalı Brenton Tarrant və norveçli Anders Breyvik bənzər radikal neonasist ideyalarını yayıblar və terror aktlarını törətməzdən əvvəl müvafiq bəyanatlarla çıxış ediblər. Baş nazir vurğulayıb ki, “baş verən hadisə bir daha sübut edir ki, beynəlxalq ictimaiyyətin ekstremizm və radikalizmə qarşı mübarizəsi çox mühümdür”.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 49 nəfər həlak olub. Avstraliyalı Brenton Tarrant günorta namazından sonra toplaşanlara atəş açıb. Norveçli terrorçu Anders Breyvik isə 2011-ci il iyulun 22-də Osloda iki məkanda terror aktı törədib. O, əvvəlcə hökumət binalarının yaxınlığında bomba partladıb, sonra isə yeniyetmələrin yay düşərgəsinə silahlı hücum edib. Polis qılığında düşərgəyə soxulan terrorçu 79 nəfəri qətlə yetirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm