İDMAN
“Odlar Yurdu” komandası Avropa Klubları Kubokunun lideridir
Bakı, 15 oktyabr, AZƏRTAC
Yunanıstanın Porto-Karras kurort şəhərciyində keçirilən kişi şahmatçıların Avropa Klubları Kuboku yarışlarında üçüncü turundan sonra hərəyə 6 xal toplayan Azərbaycanın “Odlar Yurdu”, Makedoniyanın “Alkaloid”, İtaliyanın “Obiettivo Risarcimento Padova”, İsrailin “Beer Sheva Chess Club”, Macarıstanın “Dunajska Streda” və Rusiyanın “Mednyi Vsadnik St.Petersburg” komandaları liderlik edirlər. Qadınların turnirində “A” qrupunda Gürcüstanın “Nona” və Monakonun “Cercle d'Echecs de Monte-Carlo” komandaları hərəyə 6 xalla irəlidədirlər. “Odlar Yurdunun” hesabında 3 xal var.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən dördüncü turda “Odlar Yurdu” “Beer Sheva Chess Club”la, qadınlarımız isə İtaliyanın “Caissa Italia Banca Alpi Marittime” komandası ilə qarşılaşırlar.
“Beer Sheva Chess Club”la oyunda Zaxar Yefimenko-Şəhriyar Məmmədyarov, Yevgeni Postnı-Arkadi Naydiç, Mixail Royz-Rauf Məmmədov, Aleksandr Xuzman-Eltac Səfərli, Viktor Mixalevski-Qadir Hüseynov və Alon Qrinfeld-Nicat Abbasov görüşləri keçiriləcək. “Caissa Italia Banca Alpi Marittime” ilə matçda isə Mariaqrazia de Rosa-Zeynəb Məmmədyarova, Alessiya Santeramo-Xanım Balacayeva, Silviya Querini-Gülnar Məmmədova və Mariya Andolfatto-Ülviyyə Fətəliyeva qarşılaşması olacaq.
Avropa Klubları Kubokunun keçirildiyi Xalkidiki əyalətindəki Porto-Karras kurortu artıq bir çox şahmat turnirlərinə ev sahibliyi edib. Yeddi turdan ibarət turnir bir həftə davam edəcək.
Kubokun 34-cü turnirində səkkiz şahmatçıdan ibarət 61 komanda iştirak edir. Hər matçda oyun altı lövhədə aparılır, iki şahmatçı isə ehtiyatda qalır. Yarışların mükafat fondu 22 min avrodur. Qadın turnirində isə 12 komanda dörd lövhədə (bir ehtiyat şahmatçı ilə) yarışır. Mükafat fondu 13 min avro təşkil edir.