ELM VƏ TƏHSİL
“Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası” monoqrafiyası çapdan çıxıb
Bakı, 7 iyun, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin “Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası” monoqrafiyası nəşr olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əsər türk millətinin tarixini əks etdirən qəhrəmanlıq dastanlarının öyrənilməsi, millət olmağın necə və hansı şərtlərdə, hansı mübarizə və çətinliklərlə baş verdiyini göstərmək baxımından çox dəyərli epik mənbədir. Türk millətinin dəyərli əsərlərindən biri olan Oğuznamə dastanları tarix səhnəsinə göytürk dönəmindən çıxan oğuz boylarının özləri haqqında gələcək nəsillərə miras qoyduqları möhtəşəm abidədir.
Beş fəsildən ibarət əsərdə Oğuznamə dastanlarında alplıq, alp-ərənlik və qazilik tipologiyası baxımından qəhrəman və düşmən obrazları, dini-mifoloji obrazların tipologiyası, qadın qəhrəmanlar kimi mövzulara toxunulub.
Bundan əlavə, oğuzların mifoloji inancları, fəlsəfi dünyagörüşləri, ayinləri, adət-ənənələri, bir-biri ilə münasibətləri, eləcə də psixologiyasına yer verilib.
Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.