DÜNYA
Ohayo ştatında kütləvi gülləbaran qəsdində olan 18 yaşlı gənc həbs edilib
Vaşinqton, 15 avqust, AZƏRTAC
El-Paso və Deytonda 31 nəfərin həlak olması ilə nəticələnən kütləvi gülləbarandan iki həftə sonra Ohayo ştatında Castin Olsen adlı bir gənc həbs edilib. O, “Ailə planlaşdırması” təşkilatının ofislərində kütləvi gülləbaran törətmək qəsdində olmaqda şübhəli bilinir. AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, agentlər 18 yaşlı Olsenin evində 15 tüfəng, o cümlədən “AR-15” markalı tüfənglər, 10 yarımavtomat tapança, maşınında maçete, habelə 10 min patron aşkar ediblər.
Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, Olsen “iFunny” mem mübadiləsi saytında güllələmə törədəcəyi ilə hədələyib. “İsa ordusu“ (ArmyOfChrist) adından və şəkil yerində orta əsrlərin əhl-səlibinin təsvirindən istifadə etdiyi bu saytda onun 5 mindən çox abunəçisi olub.
Olsen sosial şəbəkədəki məlumatlarında 1993-cü ildə Texasın Ueyko şəhəri yaxınlığında radikal dini qruplaşmanın rançosunun mühasirəyə alınması zamanı ekstremistlərin FTB agentləri ilə atışmasını tərifləyib və hətta hər bir federal agenti yerindəcə güllələməyi tövsiyə edib. O, tərəfdarlarına müraciətində yazıb: “Silahlar haqqında qanunlara riayət etməyin, onların qadağan edə biləcəklərindən ehtiyat toplayın. Əslində, var gücünüzlə bu qanunları pozmağa çalışın”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşqinton