İQTİSADİYYAT
Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın roluna həsr olunmuş tədbir keçirilmişdir VİDEO
Bakı, 17 mart (AZƏRTAC, Samirə Quliyeva, Xalid Məmmədov). Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanının mahiyyəti, aparılacaq islahatlar barədə sahibkarların məlumatlandırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakıda və ölkə regionlarında bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” mövzusunda ilk belə tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə martın 17-də Bakı Biznes Mərkəzində keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Nazirlər Kabinetinin, mərkəzi icra hakimiyyəti orqanlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri, eləcə də sahibkarlar və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişlər.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu, ölkədə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət yetirildiyini diqqətə çatdırmışdır. Nazir müavini demişdir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 80 faizi ötmüşdür.
Qeyd edilmişdir ki, Prezidentin Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, bu sahənin inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, habelə kreditlərin verilməsi, idxal-ixrac əməliyyatları, müəssisələrin bağlanması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilmişdir.
N. Səfərov vurğulamışdır ki, Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası, həyata keçiriləcək tədbirlər Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən iqtisadi sahədə hazırlanan hesabatlarda da ölkəmizin mövqeyini yaxşılaşdıracaqdır.
ASK-nın prezident Məmməd Musayev Azərbaycanda özəl bölmənin inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlərin görüldüyünü qeyd etmiş, Fərmanın sahibkarlığın inkişafına verilən böyük önəmin və dəstəyin göstəricisi olduğunu demişdir. M. Musayev sahibkarlara göstərilən qayğıya və mütəmadi dəstəyə görə ölkə sahibkarları adından dövlət başçısına təşəkkür etmiş, bu sahədə həyata keçirilən tədbirlərin özəl bölmənin sürətli inkişafına stimul verdiyini vurğulamışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq ölkəmizdə yeni institusional islahatların uğurla həyata keçirildiyini, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsində bu islahatların böyük rol oynadığını bildirmişdir. Z. Səmədzadə Prezidentin Fərmanında qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması üçün bir sıra qanunların qəbul olunması və qanunvericilik aktlarına ediləcək dəyişikliklər barədə də danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Ölkədə kiçik sahibkarlığın strukturu təkmilləşdirilməli, səmərəliliyi artırılmalıdır. Regionlarda sahibkarlığın inkişafı üçün böyük imkanlar vardır. Göstərilən dəstək, eləcə də geniş maarifləndirmə sayəsində bu sahə daha da tərəqqi edəcəkdir. Yerlərdə kiçik sənaye, emal müəssisələrinin yaradılması məqsədəuyğundur.
Daha sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, vergilər nazirinin müavini Sahir Məmmədxanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev, Dövlət Gömrük Komitəsinin idarə rəisi Cavad Qasımov, Gənc Sahibkarlar Şəbəkəsi İctimai Birliyinin sədri Xaliq İldırımzadə və digərləri çıxışlarında ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasının, qanunların beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının, insan kapitalının inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını, bu istiqamətdə davamlı iş aparıldığını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, dünyada mövcud olan ən qabaqcıl təcrübələr əsasında sahibkarların “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsində prosedurların sadələşdirilməsi və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili və digər bu kimi zəruri tədbirlər yüksək səviyyədə həyata keçiriləcəkdir.
Tədbirdə çıxış edən sahibkarlar Prezidentin Fərmanından irəli gələn vəzifələrin icrasının ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini, bunun isə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət göstərəcəyini qeyd etmişlər.
Tədbir çərçivəsində, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında anlaşma memorandumu imzalanmışdır.