REGİONLAR
Ölkəmizdə insanların sağlamlığına böyük diqqət yetirilir, bu sahədə mühüm addımlar atılır
Biləsuvar, 17 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda Tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən mərasimdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, rayonda 20 həkim və tibb məntəqəsi, 1 kənd, 1 uşaq xəstəxanası və digər səhiyyə ocaqlarında 90 həkim, 291 orta tibb işçisi çalışır. “110 minə yaxın əhalinin sağlamlığı daim diqqət mərkəzində saxlanılır”, - deyən baş həkim qeyd edib ki, dövlət başçısının tapşırığı ilə rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq yenidən qurulub və hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Şöbələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub və əhaliyə ən yüksək səviyyədə səhiyyə xidməti göstərilir.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığı ilə bu ilin fevral-mart aylarında ölkə ərazisində keçirilən pulsuz tibbi müayinə aksiyası Biləsuvarda da yüksək səviyyədə təşkil edilib, 64 min 628 rayon sakini müayinə olunub.
Peşə bayramları münasibətilə tibb işçilərini təbrik edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev onlara çətin, lakin şərəfli işlərində uğurlar arzulayıb. “Ölkəmizdə insanların sağlamlığına böyük diqqət yetirilir, bu sahədə mühüm addımlar atılır”, - deyən M.Quliyev rayon mərkəzi xəstəxanasının əsaslı təmir olunmasını, kənd və qəsəbələrdə yeni həkim və tibb məntəqələrinin tikilib istifadəyə verilməsini bunun əyani nümunəsi kimi qiymətləndirib.
Həkimlər, tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tibb işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.