MƏDƏNİYYƏT
Opera və Balet Teatrı “Nizami Gəncəvi İli”nə töhfə olaraq yeni səhnə əsəri hazırlayır
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Opera və Balet Teatrı “Nizami Gəncəvi İli” çərçivəsində yeni bir səhnə əsəri - görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” baletini səhnəyə qoyacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş edən şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilib.
Layihənin təşəbbüsçüsü və rəhbəri - teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru - teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Səhnə əsərinin nümayişi bu ilin yazında nəzərdə tutulur.