İQTİSADİYYAT
Ötən il Əmlak Məsələləri Dövlət Xidmətinə 73 mindən çox müraciət daxil olub
Bakı, 6 yanvar, AZƏRTAC
2021-ci il ərzində Çağrı mərkəzi, onlayn çat və sosial şəbəkələr vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə 73 min 387 müraciət daxil olub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, onlardan 69 min 675-i “193” Çağrı mərkəzinin, 3712-si isə onlayn resursların payına düşür. Çağrı mərkəzinə daxil olan müraciətlərin 69 min 104-ü sorğu və müraciət xarakterli, 571-i isə araşdırma tələb edən məsələlər olub.
Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin “193” Çağrı mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Xidmətin fəaliyyəti ilə bağlı sorğular “193” Çağrı mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.