REGİONLAR
Oxucuların kitaba marağının artırılması sistemli prinsiplərə əsaslanmalıdır
Sabirabad, 30 iyun, Mahir Babayev, AZƏRTAC
İyunun 30-da Sabirabaddakı Mədəniyyət Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Bakı Dövlət Universitetinin və Bakı Humanitar Kollecinin müəllimləri Sevda Orucova, Şəhla Quliyeva və İradə Əliyeva iştirak ediblər.
Konfransın keçirilməsində məqsəd müxtəlif tərkibə, marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanalara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyillərinin araşdırılması olub.
Çıxışlarda oxucuların kitaba marağının artırılmasının sistemli prinsiplərə əsaslanmalı olduğu xüsusi vurğulanıb.
Diskussiya şəklində keçirilən mərasimdə iştirakçıların sualları cavablandırılıb.