MƏDƏNİYYƏT


Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycan milli stendi təqdim olunub

Daşkənd, 23 aprel, AZƏRTAC

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Azərbaycan milli stendi təqdim olunub.

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin gənc rəssamları, heykəltəraşları, bütün regionlardan dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim ediblər.

Festivalda Özbəkistanın mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış mütəxəssisləri, xarici ölkələrin Özbəkistandakı səfirləri, digər diplomatlar, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak ediblər.

Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur festivalın əhəmiyyətindən danışıb, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalının gənc istedadların üzə çıxarılması və ölkənin zəngin incəsənətinin dünyaya tanıdılmasına xidmət etdiyini bildirib.

Festivalda Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Rusiya, Latviya, Qırğızıstan, Türkmənistan, İran və başqa ölkələrin milli stendinin qurulduğunu qeyd edən natiq, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini söyləyib.

Latviyanın və Banqladeşin Özbəkistandakı səfirləri Mixails Popkov, Masud Manan çıxışlarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə son zamanlar ölkədə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də böyük islahatların həyata keçirildiyini, ölkənin zəngin mədəniyyəti, incəsənəti haqqında danışıb, bu dəyərlərin dünyaya tanıdılmasında festivalın mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.

Açılış mərasimində özbək mədəniyyətinə dair milli rəqslər və digər musiqi nömrələri ifa olunub.

Festivalın rəsmi açılışından sonra qonaqlar milli stendlərlə tanış olublar.

AMM-nin təşkil etdiyi "Odlar yurdunun nəfəsi" adlı milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan milli stendində xalçalar, milli geyimlər, kəlağayılar, misdən hazırlanan məişət əşyaları, milli musiqi alətlərimiz, milli mədəniyyətimizə dair müxtəlif kompozisiyalar göstərilib, turizm məkanları, habelə tanınmış rəssamlarımızın tabloları nümayiş etdirilib.

Milli stendlə tanış olanlara ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, haqqında məlumat verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.