İQTİSADİYYAT
“PAŞA Bank” “Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyasını tətbiq edir
Bakı, 10 oktyabr (AZƏRTAC). Müştərilərin ödəniş kartları ilə internetdə apardıqları əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədi ilə “PAŞA Bank” Azərbaycanda ilk dəfə olaraq “3D Secure” texnologiyasının tətbiqinə başlayır.
“Paşa Bank”ın korporativ kommunikasiyalar departamentindən AZƏRTAC-a bildirmişlər ki, “MasterCard” ödəniş sistemində “Secure Code”, “VISA” ödəniş sistemində isə “Verified by VISA” adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartı ilə onlayn əməliyyatlar üçün daha etibarlı qorumanı təmin edir.
Oktyabr ayından etibarən xidmətə qoşulmuş ödəniş kartınız vasitəsilə internetdə hər hansı bir əməliyyat həyata keçirildikdə, bankda qeydiyyata alınmış mobil telefon nömrəsinə SMS vasitəsilə birdəfəlik şifrə göndəriləcək və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra yerinə yetiriləcəkdir. Azərbaycanda ilk dəfə olaraq bu texnologiyanın tətbiqində “PAŞA Bank” dinamik şifrələrdən istifadə edir, yəni, hər bir əməliyyat üçün yeni şifrə alırsınız, bu da kartınızla dələduzluq riskini minimuma endirir.
Bu xidmət bankda mobil nömrəsini qeydiyyatdan keçirmiş bütün müştərilər və hər növ kartlar üçün avtomatik olaraq aktivləşdirilir. Xidmət pulsuzdur.