MƏDƏNİYYƏT
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb
Paris, 27 aprel, AZƏRTAC
Parisin səkkizinci rayonunda yerləşən məşhur “Russkiy mir” qalereyasında azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə respublikamızın əməkdar rəssamları - Əsmər Nərimanbəyova, Hüseyn Haqverdi, İsmayıl Məmmədovla yanaşı, tanınmış fırça ustalarımız Knyaz Şükürov, Mirzə Yusif, Təvəkkül Abbasov və Anar Hüseynzadənin də yağlı boya ilə çəkdikləri ümumilikdə 35 əsər nümayiş olunub.
Azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi böyük maraq doğurub. Sərginin açılışında Rusiyanın Fransadakı səfirinin, Harvard Universitetindən Pol Qolunskinin, məşhur rəssamların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı buna əyani sübutdur. Sərgi paytaxt ictimaiyyəti arasında böyük rezonans doğurub. Son iki gündə sərgiyə gələnlərin sayının durmadan artması qədim tarixə və zəngin mədəni dəyərlərə malik Azərbaycanın Fransada yaxşı tanınmasından, rəssamlarımızın əsərlərinə xüsusi maraq göstərilməsindən xəbər verir.
Sərginin məsul əməkdaşı İrina Suvarova AZƏRTAC-a bildirib ki, qalereyada vaxtaşırı dünyanın müxtəlif ölkələrinin tanınmış rəssamların əsərləri sərgilənir. Bu yaxınlarda isə ayrı-ayrı ölkələri təmsil edən qadın rəssamların əsərləri nümayiş olunub. Sərgidə istedadlı və artıq Fransada yaxşı tanınan əməkdar rəssam Əsmər Nərimanbəyova da ölkənizi təmsil edib. Möhtəşəm sərgilərin təşkili qalereyamızın Fransanın tanınmış ictimai-siyasi xadimləri və incəsənət adamları arasında böyük nüfuz qazanmasına səbəb olub.
Sərgi mayın 30-dək davam edəcək.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris