DÜNYA
Parisdə nümayişçilər Makronu istefaya səsləyiblər
Bakı, 18 mart, AZƏRTAC
Parisdə hökumətin pensiya islahatına qarşı nümayişə çıxanların sayı 2,5 min nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə BFM telekanalı Paris polisindəki mənbəyə istinadən məlumat yayıb.
Nümayiş Sena çayının sahilində yerləşən Place de la Concorde meydanında keçirilir. Nümayişçilər meydanın mərkəzində tonqal qalayıblar. Aksiya ərazisinə polis dəstələri cəlb edilib. Parlamentarilərin oturduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.
Polis nümayişçiləri uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Reuters xəbər verir ki, etirazçılar “Makron, istefa” şüarı da səsləndiriblər.
İnsanlar prezident Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan parlament vasitəsilə qəbul etmək qərarına etirazlarını bildirirlər.